Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov Belediyye.infonun suallarını cavablandırıb:
- Müasir informasiya texnologiyalarının tətbiqi Sizin rəhbəri olduğunuz bələdiyyəyə nə verir?
- ilk növbədə əhalinin bələdiyyənin gördüyü işlərlə bağlı məlumatlandırılmasını asanlaşdırır. Bu gün bələdiyyəmiz sosial şəbəklərdə təmsil olunur, o cümlədən müasir standartlara cavab verən internet resursumuz istifadədədir.
Sözsüz ki, bələdiyyəyə edilən müraciətlərin bir qismini məhz bu istiqamətdən alırıq. Bu gün bələdiyyənin atdığı hər bir addımı məhz iKT-dən istifadə etməklə ictimailəşdiririk.
Bu gün bələdiyyəmizdə əməkhaqqının ödənişi kartla həyata keçirilir. Bununla yanaşı yerli vergilərin önlayn ödəniş sisteminə qoşulmuşuq. Gəlirlərimizin az bir hissəsi də olsa məhz önlayn ödənişdən daxil olur.
Düzdür etiraf etməliyik ki, yerli vergilərin yığımında əhali o qədərdə fəallıq göstərmir. Lakin biz bununla kifayətlənməməliyik. Bələdiyyənin müfəttişləri daim əhali arasında maarifləndirmə işləri aparır, bələdiyyə üzvləri görüşlər keçirirlər.
-Vətəndaş-bələdiyyə münasibətlərində Sizin fikrinizcə bələdiyyə birinci hansı addımı atmalıdır?
- Vətəndaş-bələdiyyə münasibətlərində bələdiyyə ilk növbədə müraciət etmiş vətəndaşın problemini təhlil etməli, müraciətin qanunluğunu araşdırıb onun həlli istiqamətində müvafiq tədbirlər görməlidir.
Fikrimcə, yalnız belə operativ şəkildə məsələlərə münasibət bildirməklə bələdiyyə vətəndaşı özündən razı sala bilər.
Düşünmək olar ki, bələdiyyənin qarşılaşdığı problemlər öz həllini tapsa bələdiyyə yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Bu problemlər arasında əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən vətəndaşların əmlaklarının sənədlərinin əldə edilməsinin sadələşdirilməsi, habelə vergi ödəməyən vətəndaşlara müvafiq sanksiyaların tətbiqi həm sakinlərin, həmdə bələdiyyənin məsuliyyətini artırmış olacaqdır.
Belediyye.info